İQTİSADİYYAT
“Qara qızıl”ın qiyməti son 3 ayın maksimumuna yaxınlaşır
Bakı, 27 dekabr, AZƏRTAC
Neftin qiyməti son 3 ayın maksimumuna çatır.
AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti ABŞ-ın xam neft ehtiyatlarının azalması və qlobal iqtisadi göstəricilərlə bağlı nikbinlik əlamətləri fonunda 3 aylıq ən yüksək səviyyəyə yaxınlaşır.
Belə ki, ABŞ və Çinin uzun müddətdir davam edən ticarət mübahisəsinin həllinə dair ilk addım atması, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və tərəfdaşlarının hasilatın azalmasını dərinləşdirməsi qərarı səbəbindən neftin qiyməti dekabrda təxminən 12 faiz artıb. ABŞ-da özəl sektor tərəfindən maliyyələşdirilən Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ötən həftə xam neft ehtiyatları 7,9 milyon barrel azalıb. ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər də bu yöndə olarsa, Birləşmiş Ştatların ehtiyatlarında avqustdan bəri ən böyük geriləmə olacaq.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 68 dollardan, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61 dollardan baha satılır.