“Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinə layihələr oktyabrın 15-dək qəbul olunur
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsini elan edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqə iştirak etmək üçün layihələr oktyabrın 15-dək qəbul olunacaq.
Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri üzrə tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatlar aparılmasıdır. Eyni zamanda, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılmasıdır. Müsabiqə bölgədə kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsini də nəzərdə tutur.
Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır. Layihələrin qəbulu üçün nəzərdə tutulan müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarları keçirilir. Vebinarların vaxtı barədə məlumat Fondun internet səhifəsində yerləşdirilib. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.