İQTİSADİYYAT
“Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar metronun üç stansiyasının iş vaxtı uzadılacaq
Bakı, 23 fevral, AZƏRTAC
Fevral ayının 24-də “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda meydana çıxacaq. AFFA və “Qarabağ” klubu qarşılaşmanın saat 21:45-də başlanması və gec saatlarda başa çatması ilə əlaqədar, metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlayıblar.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq, metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Oyunun keçiriləcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişi bir qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Fevralın 24-də metronun “Gənclik” stansiyasının yaxınlığında keçirilən kütləvi tədbirlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər də görüləcək. Bu xüsusda futbol oyununun başlanma vaxtı ərəfəsində stansiya gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə çıxarılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.