“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçiriləcək
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçiriləcək.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımları, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il mayın 8-də təsis etdiyi və həmin vaxtdan etibarən keçirdiyi bir neçə “Şuşa qrantı” müsabiqəsi çərçivəsində yerinə yetirilmiş uğurlu elmi-tədqiqat layihələri üzrə alınan nəticələr barədə maraqlı elmi məruzələr dinləniləcək.
Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında hazırkı vәziyyәtinin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edəcək.