REGİONLAR
Qarabağ Universitetinin tələbəsi: Azad olunmuş torpaqlarda təhsil almaq mənim üçün böyük sevinc və qürurdur VİDEO
Yardımlı, 24 avqust, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin məzunu Səma Əzimli bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əzimli Səma uşaqlıqdan hüquq üzrə təhsil almaq arzusu ilə yaşayıb. Qarabağ Universitetinin yaranmasından sonra bu arzusunu daha da konkretləşdirib. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istəyən Səma, Qarabağ Universitetinin yaranması ilə bu möhtəşəm təhsil müəssisəsində oxumağı qarşısına məqsəd qoyub.
“Hüquqşünas olmaq mənim uşaqlıq xəyalım olub, hər zaman prokuror olmağı qarşıma məqsəd qoymuşam. Ailəm də bu yolda mənə çox dəstək verib. Əvvəlcə Qarabağda təhsil alacağımı təsəvvür etmirdim, amma bu universitet yaranan kimi təhsilimi orada davam etdirməyi qərara aldım. Şəhid qanı ilə azad olunmuş torpaqlarda təhsil almaq mənim üçün böyük sevinc və qürurdur”, – deyə Səma Əzimli bildirib.
Səmanın atası Şamo Əzimov da böyük sevinc içindədir. O deyib: “Səmanın orta məktəb dövründə sərgilədiyi əzmkarlıq, çalışqanlıq və intizam bu uğurun əldə edilməsindəki əsas amillərdən biridir. Qarabağın azad edilməsi və Səmanın orada ali təhsil almaq imkanı bizi həm sevindirir, həm də qürurlandırır. İllərdir həsrətlə gözlədiyimiz bu anı və sevinci sözlə ifadə edə bilmirəm. Səmanın bu uğuru, həmçinin onun müstəqil düşünmə qabiliyyəti, yüksək motivasiyası və yaradıcı yanaşmalarının nəticəsidir. Biz əminik ki, o, ali məktəbdə də eyni dərəcədə əzmlə oxuyacaq, yeni biliklər əldə edəcək və gələcəkdə ölkəmizin inkişafına töhfə verəcək”.
Səma gələcəkdə ali məktəblərə imtahan verəcək abituriyentlərə də tövsiyələrini verib. “Yüksək nəticə əldə etməyin əsas sirri qarşıya qoyduğun yoldan geri dönməməkdir. Ali məktəblərə hazırlaşanlar yorulmadan çalışmalı, bilik və bacarıqlarını daha da inkişaf etdirməlidirlər”, - deyə o bildirib.