İQTİSADİYYAT
Qaraçuxur və Hövsan qəsəbələrində avtomobil yollarının yenidən qurulması işlərinə 6 milyon manat ayrılıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Suraxanı rayonunun 2 qəsəbəsində avtomobil yollarının yenidən qurulması işlərinə 6 milyon manat vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.