CƏMİYYƏT
Qaradağ rayonunda ahıllara xüsusi diqqət göstərilir
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Qaradağ Rayon İcra Hakimiyyətində Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, icra hakimiyyəti başçısının müavini Zəfər Əliyev tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır.
Natiq Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulamışdır. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün Azərbaycan dövləti tərəfindən yaşa görə əmək pensiyasının baza və sığorta hissələrinin artırılması bu kateqoriyadan insanlara göstərilən qayğıya daha bir bariz nümunədir.
Bildirilmişdir ki, Qaradağ rayonunun ahılları, ağsaqqalları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Bizim ahıllarımız böyük həyat təcrübəsi keçmişlər. İkinci Dünya müharibəsinin ağrı-acılarını, məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla vuruşaraq Vətənin müdafiəsinə qalxmış, əsl vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
Qızıldaş qəsəbə ağsaqqallar şurasının sədri Sərdar Hüseynov göstərilən diqqət və qayğıya görə ahıllar adından təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng ölkələri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazım olacaqdır. Yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir. Bu barədə müdrik atalarımızın daha gözəl kəlamı vardır: “Qocalara hörmət et, sən də qocalacaqsan!”.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edilmişdir.