SİYASƏT
“Qars müqaviləsində Naxçıvana verilmiş hüquqlar və pozulmuş öhdəliklər” mövzusunda tədbir keçirilmişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ” QHT Koalisiyasının təşkilatçılığı ilə “Qars müqaviləsində Naxçıvana verilmiş hüquqlar və pozulmuş öhdəliklər” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Qarabağ” QHT Koalisiyasının sədri Vüqar Qədirov çıxış edərək bildirmişdir ki, tədbirin məqsədi Qars müqaviləsi bağlandıqdan sonra erməni millətçiləri tərəfindən Naxçıvanın ərazi itkilərinə və Qərbi Azərbaycanın etnik təmizləməyə məruz qalması məsələlərini müzakirə etməkdir.
Tarixçi Ramazan Hüseynov 1922-ci il sentyabrın 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmiş müqavilədə Naxçıvan Muxtar Respublikasının ərazilərinin birtərəfli qaydada, yəni müqavilə iştirakçıları olan dövlətlərin razılıqları olmadan başqa dövlətlərə verilməsini qadağan edən şərtlərin əksini tapdığını vurğulamışdır. Qeyd edilmişdir ki, müqavilə bağlandıqdan sonra Naxçıvanın ərazilərinin bir hissəsi sənədin şərtlərinə zidd olaraq Ermənistana verilmişdir. Bu məsələ əslində Qars müqaviləsinin müddəalarına birbaşa ziddir.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, Qars müqaviləsinin müddəalarına zidd olaraq Ermənistanın xeyrinə pozulmuş müqavilə öhdəliklərinin beynəlxalq hüquqi öhdəlikləri aradan qaldırılmalıdır və bunun üçün birgə fəaliyyətin göstərilməsi zəruridir.
Sonda Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının parlamentlərinə müraciət qəbul edilmişdir.