QARŞILIQLI SƏFƏRLƏR ƏLAQƏLƏRİMİZİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də parlamentin sədri Oqtay Əsədov Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Oqtay Əsədov bildirmişdir ki, bu cür səfərlər münasibətlərimizin, o cümlədən parlamentlərarası əlaqələrin dərinləşməsinə xidmət edir. O qeyd etmişdir ki, Azərbaycan Yaxın Şərqdə siyasi və iqtisadi cəhətdən mühüm rol oynayan Küveyt Dövləti ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ümumi inkişaf dinamikasına görə öz regionunda lider dövlətə çevrilmiş Azərbaycan Küveytlə həyatın müxtəlif sahələrində əməkdaşlığı diqqət mərkəzində saxlayır.
Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün hüquqi bazanın yaradılmasında real addımlar atılmaqdadır. Milli Məclisin sədri vurğulamışdır ki, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan hərtərəfli istifadə olunmalıdır. Azərbaycanda neft və qeyri-neft sahələrinə investisiya qoyuluşu üçün geniş imkanlar vardır. Bildirilmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu üçün qarşılıqlı biznes forumların keçirilməsi də məqsədəuyğundur.
Bu gün ölkəmiz beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verməkdədir. Azərbaycan sülhməramlıları Yaxın Şərqdə təhlükəsizliyin qorunmasında yaxından iştirak edirlər.
O.Əsədov bildirmişdir ki, parlamentlər səviyyəsində münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərdəki dostluq qruplarının qarşılıqlı səfərləri təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Ölkələrimiz BMT, Parlamentlərarası İttifaq, İslam Konfransı Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər.
Milli Məclisin sədri sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Küveyt Dövlətinin humanitar təşkilatlarının doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə yardımlar göstərməsini xüsusi vurğulamışdır. Dağlıq Qarabağ probleminin həllində Küveytin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Nasir Casim əl-Sani Azərbaycanda keçirdikləri görüşlərdən söz açaraq ölkəmizdəki inkişafdan məmnun olduqlarını vurğulamışdır. Qeyd edilmişdir ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi digər sahələrə müsbət təsirini göstərir. Küveyt Azərbaycan ilə iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə də əməkdaşlıqda maraqlıdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər.