Qatarların hərəkətində ciddi problem yaranmamışdır
Bakı, 8 fevral (AZƏRTAC). Hava şəraitinin yenidən kəskin pisləşməsi qatarların hərəkətinə ciddi problem yaratmamışdır.
“Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirmişdir ki, bütün beynəlxalq və ölkədaxili reyslər üzrə qatarlar cədvələ uyğun yola salınır. Hələ ki, ciddi problem yoxdur. Artıq Sankt-Peterburq, Tümen və Astaradan gələn qatarlar dəmir yolu vağzalına çatmışdır. Ağstafa, Qazax, Balakən və Tbilisidən yola çıxmış qatarlar 1 saat gecikmə ilə Bakıya gəlirlər.
Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat tədbiri kimi qatarların hərəkətinə qoyulan sürət məhdudiyyəti hələlik saxlanılır. Bu isə qatarların mənzil başına kiçik gecikmə ilə çatmasına səbəb olur.
Həmçinin avtomobil yollarının buz bağlaması dəmir yolu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayının artmasına səbəb olmuşdur. Buna görə də qatarlara, tələbata uyğun əlavə vaqonlar qoşulur.
Hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışan “Azərbaycan Dəmir Yolları”nın müvafiq qurumları hazırlıq vəziyyətinə gətirilmişdir.