ELM VƏ TƏHSİL
“Qayalara həkk olan tarix: qədim abidəmizin ilk insan izləri” mövzusunda elmi seminar
Bakı, 19 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Qayalara həkk olan tarix: qədim abidəmizin ilk insan izləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev çıxış ediblər.
Sonra muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımovun “Beynəlxalq abidələr günü”, Tarix Muzeyinin mütəxəssisi Qənirə Qafarlının “Tağıyev sarayı memarlıq abidəsi kimi”, Qobustan Milli Tarix-Bədii Qoruğunun şöbə müdiri Şəbnəm Yusifovanın “Qobustan abidələri UNESCO-nun Dünya Mədəni İrs siyahısında”, aparıcı elmi işçisi Sevinc Şirinlinin “Qobustan qayaüstü təsvirlərinin xronologiyasının dəqiq dövrləşdirmə metodları ilə müəyyən edilməsi layihəsi haqqında”, AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədovanın “Dəqiq dövrləşdirmə metodları və onların Qobustanın tədqiqində tətbiqi” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Qobustan abidələrinin öyrənilməsi məqsədilə gələcəkdə AMEA əməkdaşlarının tədqiqatlarından istifadə olunması ilə bağlı müzakirələr aparılıb.
Sonda Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olunub.
Qeyd edək ki, seminar Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib.