SİYASƏT
Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır
Astana, 9 noyabr, AZƏRTAC
“Azərbaycanda 2020-ci il Vətən Müharibəsində Zəfərin dördüncü ildönümü qeyd olunur. Bu Zəfər bütün Azərbaycan xalqının nailiyyəti oldu və burada Prezident İlham Əliyevin xüsusi rolu olmuşdur”.
Bu barədə AZƏRTAC-a “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bildirib.
“Bu tarixi Qələbə ilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bütün bu 44 günü Azərbaycanda yaşayan və bu hadisələri təkcə media prizmasından deyil, həm də birbaşa daxildən izləyən bir şəxs kimi bu nailiyyətə dərin hörmət bəsləyirəm”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, 44 günlük hərbi əməliyyatlar uzun və gərgin işin yalnız görünən hissəsidir. “Onların arxasında uzun illər ərzində aparılan planlı, sistemli və ardıcıl strateji iş dayanır. İlham Əliyev özünü parlaq strateq və bacarıqlı diplomat kimi göstərdi. O, təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının əsl vətənpərvər övladıdır”, - deyə Qaydar Abdikerimov bildirib.
Baş katib vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev özünü xalqı birləşdirməyi və bu tarixi uğura hazırlamağı bacaran görkəmli lider kimi sübut etmişdir, o, təkcə atasının arzusunu deyil, bütün Azərbaycan xalqının arzularını həyata keçirib. “Qeyd etmək vacibdir ki, Azərbaycan rəhbəri dünya ictimaiyyətinin diqqətini Türk xalqlarına cəlb etməyi bacarıb”, - deyə o əlavə edib.
Bir gün öncə Astanada keçirilmiş və Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimat mərasimini şərh edərkən Q.Abdikərimov bu əsərdə çoxsaylı fakt və sənədlərin toplanıb sistemləşdirildiyindən bu əsərin tarixşünaslıqda mühüm mərhələyə, gələcək tədqiqatlar üçün möhkəm əsasa və yeni nəsillər üçün dəyərli bilik mənbəyinə çevriləcəyinə əminliyini ifadə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana