REGİONLAR
Qazax rayonunun vergiödəyicilərinə xidmət mərkəzi təmirlə bağlı 20 gün fəaliyyət göstərməyəcək

Bakı, 21 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) Qazax rayonunda yerləşən vergiödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar oktyabrın 21-dən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmaq, gələcəkdə vaxta qənaət məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur.
Qazax rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergiödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası, iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Tovuz şəhəri, Abulbəyli kəndi (Nizami klubunun yanı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 Yanvar küçəsi ("Kapital Bank"ın filialının yaxınlığı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.