REGİONLAR
“Qazax Sement Zavodu” koronavirusla mübarizə məqsədilə 50 ədəd süni nəfəs aparatının ölkəmizə gətirilməsini həyata keçirir


Bakı, 22 iyul, AZƏRTAC
“Qazax Sement Zavodu” MMC koronavirusla mübarizə məqsədilə 50 ədəd süni nəfəs aparatının respublikamıza gətirilməsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, dövlət tərəfindən ölkəmizdə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə “Qazax Sement Zavodu” MMC tərəfindən də lazımi dəstək göstərilməkdədir.
Respublikada ağır koronavirus xəstələrinin müalicəsinə dəstək göstərilməsi məqsədilə zavodla Türkiyənin “Meyda Medikal İnşaat Bilişim ve İşletmecilik Sanayi Ticaret A.Ş.” arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq zavod hesabına Almaniyadan “AXcent Medical” şirkətinin istehsalı olan 50 ədəd müasir Lyra x2 süni nəfəs aparatının ölkəmizə gətirilməsi və TƏBİB-ə təhvil verilməsi nəzərdə tutulur. Həmin avadanlıqların alınması üçün zavod tərəfindən mart ayında 1.9 milyon avro ödənilib. Hazırda aparatların 13 ədədi respublikamıza gətirilib və zavod tərəfindən TƏBİB-ə təhvil verilib. Avqust ayının ortalarında qalan 37 nəfəs aparatının koronavirusla mübarizəyə dəstək üçün TƏBİB-ə təhvil verilməsi nəzərdə tutulur.
Dövlət tərəfindən respublikada bu istiqamətində həyata keçirilən tədbirlərə zavod tərəfindən maksimum dəstək göstəriləcək.