Qazaxda daha bir məktəb binasında əsaslı təmir-bərpa işlərinə başlanılıb
Qazax, 2 may, Famil Quliyev, AZƏRTAC
Qazax şəhərindəki Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işlərinə başlanılıb.
İş icraçısı Pərviz Qafarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəbin əsas binasında, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də yardımçı otaqlarda söküntü işləri aparılır. Dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilir.
Məktəbdə müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları inşa olunacaq. Yanğından mühafizə məqsədilə inşa olunan su anbarının həcmi 150 kubmetr, içməli suya olan tələbatı ödəmək üçün tikilən anbarın həcmi isə 100 kubmetrdir. Hazırda su anbarlarında bünövrə hissəsinə beton qatının tökülməsi üçün hazırlıq işləri görülür.