İQTİSADİYYAT
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin nəqlini ildə 20 milyon tona çatdıra bilər
Astana, 25 noyabr, AZƏRTAC
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev parlamentin iclasında keçirilən hökumət saatı zamanı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artırmaq üçün iddialı planları təqdim edib.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, onun hesabatına görə, neft hasilatının artımını və yeni dəniz layihələrinin tətbiqini nəzərə alaraq, nazirlik ortamüddətli perspektivdə “KazMunayQaz” NK SC və digər maraqlı tərəflərlə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxil olmaqla əlavə nəqliyyat marşrutlarının inkişafı üzərində işləyir.
BTC marşrutu Qazaxıstan neftinin nəqli üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur.
“Bu istiqamətdə Qazaxıstan neftinin tədarük həcminin inkişaf etdirilməsinə və sistemli şəkildə artırılmasına həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən maraq var.
Bu il üçün BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - deyə Qazaxıstanın energetika nazirinin hesabatında qeyd olunur.
Astana