QAZAXISTAN ÖZ NEFTİNİ BTC KƏMƏRİ VASİTƏSİLƏ NƏQL ETMƏYƏ İMKAN VERƏN SİSTEM YARATMAĞA ÇALIŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Xəzərdə çıxarılan neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilməsi sisteminin yaradılması üzrə işləri sürətləndirir. Bunu Qazaxıstan Respublikası energetika və mineral ehtiyatlar naziri S.Mınbayev bildirmişdir.
Nazir neftin BTC kəməri ilə nəql edilməsinin dəstəklənməsi barədə Qazaxıstanla Azərbaycan arasında bağlanmış müqaviləni nəzərdə tutaraq demişdir: “Qazaxıstanın neft məhsullarının nəql edilməsi sisteminin yaradılmasının sürətləndirilməsi barədə Azərbaycanla saziş parlamentin aprelin 27-də keçirilən iclasında ratifikasiya edilmişdir”.
“Bizim fikrimizcə, bu layihə vaxtında gerçəkləşdirilsə, biz BTC ilə ildə 23 milyon ton neft nəql edə bilərik” - deyən nazir daha sonra əlavə etmişdir: “Sistemin yaradılmasının konseptual hissəsi hüquqi baxımdan tam tənzimlənmişdir və indi biz milli şirkətlər səviyyəsində texniki razılaşmaların əldə olunmasını sürətləndirməyə çalışacağıq”.
Bildirilmişdir ki, Qazaxıstan 2009-cu ildən başlayaraq özünün Xəzər boru kəmərləri sistemi vasitəsilə müəyyən qədər neft nəql edilməsinə başlamağa hazırdır. Artıq Qərbi Qazaxıstanda Yeskine-Kurık limanı neft-mədən qovşağı inşa edilməkdədir. Neft bu limandan Bakıya tankerlərlə daşınacaqdır.