DÜNYA
Qazaxıstan parlamenti Məclisinə keçirilən seçkilərin ilkin nəticələri elan edilmişdir
Astana, 16 yanvar (AZƏRTAC). Yanvarın 15-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclisə və Vilayət Məsləhətlərinə keçirilən seçkilərin ilkin nəticələri elan olunmuşdur.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov seçkilərin ilkin nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirmişdir ki, seçkilərdə “Nur Otan” Xalq-Demokratik Partiyası (XDP) qələbə qazanmış, seçicilərin 80,74 faizi bu partiyaya səs vermişdir. “Ak jol” Qazaxıstan Demokratik Partiyası ikinci yerdədir və seçicilərin 7,46 faizi bu partiyaya, 7,2 faizi isə Qazaxıstan Kommunist Partiyasına səs vermişlər. Beləliklə, üç partiya Məclisdə təmsil olunmaq hüququ qazanmışdır.
Seçkilərdə iştirak edən dörd partiya isə seçicilərin səslərinin 7 faizini yığa bilmədikləri üçün onların nümayəndələri Məclisdə yer qazana bilməmişlər. Ölkə qanunvericiliyinə əsasən, Məclisdə ən azı iki siyasi partiya təmsil olunmalıdır.
Seçkilərin nəticələri elan edildikdən sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Qazaxıstan” idman kompleksində “Nur Otan” XDP-ın fəallarını qələbə münasibətilə təbrik edərək demişdir ki, bu partiyanın seçkilərdə qələbə qazanması bir daha sübut edir ki, bu partiya sözün əsl mənasında xalqın partiyasıdır.
Seçkilərin nəticələri yanvarın 22-dən elan ediləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana