DÜNYA
Qazaxıstan parlamenti prezidentin 7 illik səlahiyyət müddəti ilə bağlı düzəlişi qəbul edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Qazaxıstan parlamentinin hər iki palatasının birgə iclasında “Konstitusiyaya dəyişikliklər və əlavələr haqqında” qanun layihəsi iki oxunuşda qəbul edilib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, iclasda iştirak edən 50 senator və 99 deputat qanun layihəsini yekdilliklə dəstəkləyib.
Layihəyə yenidən seçilmək hüququ olmadan yeddi illik prezidentlik müddəti, həmçinin ölkə paytaxtının adının Nur-Sultandan Astanaya dəyişdirilməsi barədə düzəlişlər daxildir. Parlamentin qəbul etdiyi qanun bundan sonra imzalanması üçün ölkə prezidentinə göndəriləcək.
Qazaxıstanda 2022-ci ilin yayında referendum nəticəsində qəbul edilən konstitusiya dəyişiklikləri dövlət başçısının və onun qohumlarının səlahiyyətlərinin azaldılmasını, parlamentin və yerli nümayəndəli orqanların rolunun əhəmiyyətli dərəcədə artırılmasını, hüquq-müdafiə sisteminin gücləndirilməsini, Konstitusiya Məhkəməsinin yaradılmasını, ölüm hökmünün ləğvinin yekun təsbitini, həmçinin ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəanın konstitusiyadan çıxarılmasını nəzərdə tuturdu.