QAZAXISTAN PREZİDENTİ XƏZƏR DƏNİZİ İLƏ QARA DƏNİZİ KANALLA BİRLƏŞDİRMƏYİ TƏKLİF ETMİŞDİR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sankt-Peterburqda keçirilən 11-ci Beynəlxalq iqtisadi forumda MDB-dəki vəziyyətlə bağlı məruzəsində Xəzər dənizi ilə Qara dənizi birləşdirmək üçün yeni kanalın çəkilməsini təklif etmişdir. Onun fikrincə, bu kanal hazırda fəaliyyətdə olan Volqa-Don kanalından 1000 kilometr qısa olmalıdır. Qazaxıstan Prezidenti demişdir ki, bu layihənin texniki-iqtisadi əsaslarını hələ 1936-cı ildə SSRİ Xalq Komissarları Soveti hazırlamışdı. Lakin kanalın bir hissəsi çəkilsə də, layihə tam başa çatdırılmamışdı.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi, habelə “Hidrotexekspertiza” Ekspert Mərkəzi və Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi yanında Nəqliyyat Layihələri Fondu da 2006-cı ilin ortalarında belə bir təşəbbüslə çıxış etmişdi.
Tikilməsi təklif olunan kanalın uzunluğu 650 kilometr, eni 70 metr, dərinliyi isə 16 metr nəzərdə tutulur. Layihənin 15 milyard avroya başa gələcəyi bildirilir.