DÜNYA
Qazaxıstan son 5 ildə təkrar üyütmə məhsullarının daşınması üzrə rekord həcmə nail olub
Astana, 5 noyabr, AZƏRTAC
2024-cü ilin 10 ayı ərzində Qazaxıstanda üyütmə məhsullarının daşınmasının həcmi son 5 ilin illik göstəricilərini üstələyib və 2,9 milyon tona çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.
AZƏRTAC “Kazaxstan temir jolı” (“Qazaxıstan Dəmir Yolları”) mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan ununun əsas idxalçıları Əfqanıstan (788 min ton), Özbəkistan (454 min ton), Tacikistan (57 min ton), Türkmənistan (28 min ton) və Qırğızıstan (23 min ton) olub.
Çin bazarında da müsbət dinamika ayrıca qeyd olunur; burada 10 ay ərzində daşımaların həcmi ötən illə müqayisədə 48 faiz artaraq 0,5 milyon tonu keçib.
Daşımaları təmin etmək üçün 15 min vahiddən ibarət qapalı vaqon parkından istifadə olunur ki, bu da cari ehtiyacları tam ödəyir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana