DÜNYA
Qazaxıstanda irimiqyaslı çöl yanğını ilə mübarizə: yanğınsöndürən həlak olub
Astana, 7 oktyabr, AZƏRTAC
Qazaxıstanın Karaqanda vilayətində 35 min hektar sahədə açıq sahədə quru ot yanır.
AZƏRTAC Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, güclü külək, dağlıq ərazi və yolların olmaması yanğının söndürülməsini çətinləşdirir. Bununla belə, təbii yanğının söndürülməsi üçün bütün lazımi tədbirlər görülür.
Çöl yanğınının söndürülməsi zamanı baş yanğınsöndürən-xilasedici xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Ləğvetmə işlərinə 386 nəfər, 64 texnika, o cümlədən Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin aviasiya vasitələri cəlb olunub. Aviasiya ümumi həcmi 50 tondan çox olan 30 su atışı həyata keçirib.
Karaqanda və Pavlodar vilayətlərinin sərhəd ərazisində ümumi yanğın sahəsi 45 min hektar təşkil edib. Eyni zamanda, Pavlodar vilayətindəki çöl yanğını ilkin hesablamaya görə 10 min hektar ərazini əhatə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana