REGİONLAR
Qazaxlı fermerlər günəbaxan sahələrindən bol məhsul götürürlər

Qazax, 29 avqust, Famil Quliyev, AZƏRTAC
Ötən il Qazaxda 38 hektar sahədə günəbaxan əkilmişdisə, bu il fermerlər göstəricini 46,5 hektara çatdırıblar. Günəbaxan əkib-becərmək kənd təsərrüfatının bitkiçilik sahəsində xüsusi rol oynayır. Ondan həm yağ istehsalında həm də yemçilikdə geniş istifadə edilməkdədir. Hazırda rayonun bir çox ərazisində günəbaxanın yığımına başlanılıb.
Sahələrdən fermerlər bol məhsul götürdüklərini deyirlər. Fermer Kənan Musayev AZƏRTAC-a bildirib ki, ilin dörd fəslində yaxşı qiymətə satılan günəbaxanın toxumu elə yerli sortlardan götürülür və yazın ortalarında səpin həyata keçirilir. O, sahələrdəki məhsuldarlıqdan da razıdır və yığımı mümkün qədər tez başa çatdırmaq əzmindədir.
Qeyd edək ki, günəbaxan əsasən rayonun Çaylı, Aşağı və Yuxarı Salahlı, eləcə də digər kəndlərində əkilib. Növbəti ildə bitkinin daha geniş ərazidə becərilməsi gözlənilir.