CƏMİYYƏT
Qazi: Anım Günü mənim və döyüş yoldaşlarım üçün həm kədərli, həm də qürurverici gündür

Bakı, 27 sentyabr, AZƏRTAC
Vətənini sevmək və onu qorumaq hər kəsin borcudur. Otuz ildən artıq idi ki, torpaqlarımız düşmən tapdağı altında idi. Buna görə 44 günlük Vətən müharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yollandım.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş qazi Sadulla Yolçuyev deyib.
Qubadlı uğrunda gedən döyüşlərdə yaralandığını söyləyən qazi deyib: “27 Sentyabr - Anım Günü mən və qazi dostlarım üçün həm kədərli, həm də qürurverici gündür. Kədərlidir, çünki bizimlə birlikdə çiyin-çiyinə vuruşan dostlarımızın çoxu həmin müharibədə şəhid oldu. Onlar ölkəmizin bütövlüyü uğrunda canlarından keçiblər. Eyni zamanda qürurverici gündür ki, ərazi bütövlüyümüzün bərpası məhz həmin gündən başladı.
Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.