CƏMİYYƏT
QDİƏT-in Baş katibi: COP29 QDİƏT-in fəaliyyət sahəsindəki yeniliklər barədə məlumat mübadiləsinin aparılması üçün ideal platformadır
Bakı, 14 noyabr, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) idarəetmənin inkişaf etdirilməsi üçün yenilənmə üzrə xüsusi işçi qrupu yaradılıb. Bu qrupun koordinatorluğunu Azərbaycan Respublikası həyata keçirir. Azərbaycanın bu çərçivədə gördüyü işləri yüksək qiymətləndiririk. Qarşıdakı dövrdə əməkdaşlığın daha geniş perspektivləri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku jurnalistlərə açıqlamasında deyib.
L.Komanesku təşkilatın iqlim çağırışlarına qarşı mübarizədə gördüyü işlərdən danışaraq, Azərbaycanın bu prosesdə mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi, “İqlim çağırışlarının idarə olunmasında dövlət xidmətinin rolu” mövzusuna həsr edilmiş konfransda səmərəli müzakirələrin aparıldığını və tədbirin yüksək səviyyədə keçdiyini bildirib. O, konfransın təşkilatın fəaliyyət sahəsindəki yeniliklər barədə məlumat mübadiləsi üçün ideal platforma olduğunu vurğulayıb.
Baş katib gələn il yanvarın 1-dən QDİƏT-ə sədrliyin Azərbaycana keçəcəyini və təşkilatın ölkəmizlə əməkdaşlığında yeni səhifə açılacağını vurğulayaraq qeyd edib: “Bu əməkdaşlıq Qara Dəniz regionunda iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahələrində xüsusi əhəmiyyət daşıyır. Bu sahələrdə birgə fəaliyyətin intensivləşdirilməsi ilə regionda ekoloji problemlərin həllinə daha böyük töhfələrin verilməsi gözlənilir”.