İDMAN
“Qəbələ” futbol klubunun U-12 komandası beynəlxalq “Young Talents-2013” turnirində iştirak edirlər
Bakı, 18 oktyabr (AZƏRTAC). Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə yeniyetmələr arasında (U-12) beynəlxalq “Young Talents-2013” turnirinə start verilmişdir.
“Qəbələ” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, turnirdə baş məşqçi Ramin Quliyevin rəhbərliyi altında klubun 12 yaşa qədər futbolçulardan ibarət komandası iştirak edir.
Qrup mərhələsi çərçivəsində “Young Talents” komandası ilə qarşılaşan “Qəbələ” məğlub olmuşdur - 0:5.
Günün ikinci yarısında daha iddialı rəqiblə - Kazanın “Rubin” komandası ilə üz-üzə gələn təmsilçimiz daha yaxşı təsir bağışlasa da, matç sülhlə yekunlaşmışdır. Hesabı “Rubin” komandası açmışdır.
Lakin həvəsdən düşməyən futbolçularımız status-kvonu bərpa etməyi bacarmışlar.
“Qəbələ” komandasının heyətində Həmid Vəliyev fərqlənmiş və matçın hesabını müəyyənləşdirmişdir - 1:1.
Təmsilçilərimiz qrup mərhələsi çərçivəsində daha iki oyun keçirəcəklər. Komandamız öncə “Dinamo” (Kirov, Rusiya), ardından isə “Baltika” (Kalininqrad, Rusiya) yığmaları ilə qarşılaşacaqlar.