İDMAN
“Qəbələ” klubunun U-15 komandası İtaliyada keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcəkdir

Roma, 3 aprel (AZƏRTAC). Aprelin 18-dən 21-dək İtaliyanın Turin şəhərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında Beynəlxalq turnir keçiriləcəkdir.
Stefano Gusellanın xatirəsinə həsr olunacaq yarışda Azərbaycanı “Qəbələ” futbol komandası təmsil edəcəkdir.
“Qəbələ” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası turnirdə iştirak etmək üçün aprelin 16-da İtaliyaya yola düşəcəkdir.
Beynəlxalq turnirdə dünyanın bir sıra tanınmış futbol klubları qüvvələrini sınayacaqlar. Medallar uğrunda İtaliyanın “Yuventus”, “Milan”, “Roma”, “Latsio”, “Napoli”, “Atalanta”, “Sampdoriya”, İspaniyanın “Espanyol”, Braziliyanın “Vasko de Qama”, Rusiyanın “Lokomotiv” komandaları mübarizə aparacaqlar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma