İDMAN
“Qəbələ” komandası “Riga Open Cup” beynəlxalq turnirinə qələbə ilə başlamışdır
Bakı, 17 yanvar (AZƏRTAC). “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Latviyada “Riga Open Cup 2012” beynəlxalq turnirində iştirak edir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, turnirdə ilk oyununa çıxan təmsilçimiz “Ventspils” (Latviya) üzərində inamlı qələbə qazanmışdır - 3:1. Oyunda qolları Murad Qayalı, Fərid Nəbiyev və İlkin Abdullayev vurmuşlar.
“Qəbələ”nin ikinci qarşılaşmasında rəqib “Dinamo Riga” (Latviya) komandası olmuşdur. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmamışdır.
Yanvarın 17-də komandamız “Yelqava” və “Super Nova” (hər ikisi Latviya) klubları ilə üz-üzə gələcəkdir.
Latviyaya güclü qar yağdığı üçün bəzi komandalar paytaxt Riqaya gələ bilməmişlər. Bu səbəbdən turnir 6 komandanın – “Qəbələ”, “Ventspils”, “Riga FC”, “Dinamo Riga”, “Yelqava” və “Super Nova” iştirakı ilə keçirilir.