SİYASƏT
Qəbələ sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təntənə ilə qeyd etmişlər
Qəbələ, 30 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qəbələ şəhərindəki “Qafqaz Sport” otelində təntənəli bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən rayon ziyalıları dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi yolunda yeni mərhələnin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışlar. 1993-cü ildə Ulu Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunmasına dair tarixi Fərman imzaladığı və daha sonra Bakıda dünya azərbaycanlılarının qurultayının keçirildiyi minnətdarlıq hissi ilə xatırlanmışdır. Bildirilmişdir ki, bu möhtəşəm tədbir soydaşlarımızı bir araya gətirmək yolunda çox mühüm addım olmuşdur.
Qeyd edilmişdir ki, bu gün müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimizin vahid dövləti, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir. Çıxış edənlər xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyindən, diasporumuzun getdikcə artan fəallığından məmnunluqla söhbət açmışlar.
Sonda Qəbələnin inkişafında, ictimai həyatında fəal rol oynayan, quruculuq işlərində fərqlənən bir qrup şəxsə mükafatlar təqdim olunmuşdur.
Tədbir yerli musiqi kollektivlərinin hazırladığı bayram konserti ilə davam etmişdir.