REGİONLAR
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər
Qəbələ, 1 may, Mustafa Dadaşov, AZƏRTAC
Müqəddəs Ramazan bayramı ərəfəsində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və könüllülər “Könüllü qonaq” layihəsi çərçivəsində şəhid ailəsini və tənha yaşayan sakini ziyarət ediblər.
Qəbələ UADM-nin direktoru Günel Ağayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin məqsədi şəhid ailələrinə və tənha ahıllara mənəvi dəstək olmaq, onlara bayram əhval-ruhiyyəsi bəxş etməkdir.
“Könüllü qonaq”lar Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin atası Çingiz kişinin və tənha yaşayan rayon sakini Lətifə Qədirovanın evlərində olub, onlara bayram sovqatı təqdim edib, ev və təsərrüfat işlərində köməklik göstərib, bayram süfrəsi açıblar.
Ev sahibləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.