REGİONLAR
Qəbələdə atletika yarışında 70-dək yeniyetmə mübarizə aparıb







Qəbələ, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Təhsil sektorunun dəstəyi ilə oktyabrın 20-də Qəbələ şəhər 3 saylı tam orta məktəbdə yeniyetmələr arasında “Narkomaniyaya yox deyək!” devizi altında atletika idman növü üzrə kütləvi idman yarışı keçirilib. Rayonun ümumtəhsil məktəblərindən 70-dək yeniyetmənin iştirak etdiyi yarış rayonda idmanın kütləviliyinə nail olmaq, qeyri-sağlam həyat tərzinə səbəb olan zərərli vərdişlərin qarşısının alınmasında idmanınn rolunun önəmini təbliğ etmək məqsədi daşıyıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışın açılış mərasimində idarənin rəisi Fəxri Soltanov çıxış edərək, narkomaniyaya və bu kimi zərərli vərdişlərin mənfi fəsadları, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə danışıb, iştirakçılara uğurlar arzulayıb.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına əsasən, idmançılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma və top atma növləri üzrə yarışıblar.
Yarışın yekun nəticələrinə görə, 100 metr məsafəyə qaçışda oğlanlar arasında Camil Sultanov, qızlar arsında Gülmayə Ağayeva, qızlar arasında top atma yarışında Rəsmiyə Qazıyeva, oğlanlar arasında turnikdə dartınma yarışında isə Cəsur İsmayılov birinci yeri tutublar.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.