CƏMİYYƏT
Qəbələdə “Gənc liderlər üçün qış universiteti-sığortalı gələcək” layihəsi həyata keçiriləcəkdir
Bakı, 17 yanvar (AZƏRTAC). “İrəli” İctimai Birliyi (İB) Maliyyə, Gənclər və İdman nazirlikləri ilə birgə “Gənc liderlər üçün qış universiteti-sığortalı gələcək” layihəsinə başlayır.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə əsasında düşərgə fevralın 10-dan 15-dək Qəbələ rayonundakı 5 ulduzlu “Qafqaz” otelində təşkil olunacaqdır. Qış universitetində 100 gənc müxtəlif panellərdə biznes, kommunikasiya, iqtisadiyyat, sığorta, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə ilə bağlı biliklər qazanacaqdır. Eyni zamanda, düşərgə iştirakçıları ilə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, cəmiyyətdə tanınan şəxslərin görüşləri keçiriləcəkdir.
Layihənin məqsədi müasir dövrün reallıqlarını anlayan, informasiya texnologiyalarından istifadə etməyi bacaran və yaradıcı, öz fəaliyyət sahəsinin lideri olmaq arzusunda olan gəncləri aşkara çıxarmaqdır.
Layihədə iştirak etmək istəyənlər yanvarın 24-dək İB-nin rəsmi saytında (http://ireli.az/wu) yerləşdirilmiş ərizə formasını doldurmalıdırlar.
Nəticələr yanvarın 26-da açıqlanacaqdır.