Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi məlum olub
Qəbələ, 18 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Ötən 4 gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” IX milli intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Qafqaz Sport” otelində keçirilən bu oyunda məktəblilər öz biliklərini nümayiş etdiriblər. Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və onların dünyagörüşünü artırmaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışda hər rayondan 36 şagird iştirak edib və onlar hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə, Gəncə məktəbliləri bir və üçüncü, Goranboy şagirdləri 2-ci yerləri tutublar. Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdlər arasında Qəbələ ilə yanaşı, Gəncə, Quba və Lənkəranda da bu cür milli intellektual oyunlar keçirilib.