ELM VƏ TƏHSİL
Qəbələdə yeni məktəb binaları inşa edilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir
Qəbələ, 13 avqust (AZƏRTAC). Qəbələ rayonunda yeni məktəb binaları inşa edilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Qəbələ Rayon İcra Hakimiyyətinin sifarişi ilə dövlət vəsaiti hesabına Topbağ və Solquca kəndlərində 80, Tövlə kəndində 180 yerlik məktəblər, Bum qəsəbəsində 25 yerlik uşaq bağçası üçün yeni binalarda son tamamlama işləri görülür. Kiçik Pirəlli kəndində 180, Nic qəsəbəsində 360 yerlik məktəb binasının tikintisi və Vəndam qəsəbə 1 saylı məktəbin əsaslı təmiri davam etdirilir. Tikinti-quraşdırma işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulmuşdur.
Həmçinin, Qəbələ şəhərindəki 2 və 3 nömrəli məktəblərin dam örtüyündə və fasad hissəsində təmir-bərpa işləri aparılmışdır. Hazırda rayonun 24 məktəbində qazanxana sistemi mövcuddur. Rayonun 40 məktəbində isə kompyuter kabineti yaradılmışdır. Qəbələ məktəbliləri ümumilikdə 450 kompyuterdən istifadə edirlər.
Xatırladaq ki, son bir ildə Nic qəsəbəsində 420, İmamlı kəndində 80 yerlik yeni məktəb binaları tikilmiş, Nic qəsəbəsindəki 4 nömrəli, Zalam, Böyük Pirəlli, Çarxana kənd məktəbləri əsaslı təmir olunmuş, Kiçik Əmilli kənd məktəbində yeni qazanxana inşa edilmişdir. Ötən 7 ildə isə Qəbələdə 22 yeni məktəb binası tikilmiş, 7-si əsaslı təmir olunmuşdur.