Qəbələnin 32 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
Qəbələ, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qəbələ rayonunda mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 54 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib. Rayonun 32 yaşayış məntəqəsində, həmçinin 92 idarə, müəssisə və təşkilatda tibbi müayinələr başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. İndiyədək müayinə olunanların 2597 nəfəri ambulator, 289 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 140 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 92 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Müayinədən keçən insanlar ölkəmizdə vətəndaşların sağlamlığına göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.