Qədim Şamaxıda Ulu Öndərin 95-ci ildönümü qeyd edilib
Şamaxı, 4 may, AZƏRTAC
Mayın 4-də Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ənənəvi kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin, yeniyetmə və gənclərin iştirak etdikləri kitab bayramını giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəfail Tağızadə ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb.
O deyib: “Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti xalqının, dövlətin taleyində müstəsna iz buraxır. Ulu öndər Heydər Əliyev məhz onlardan biridir. Onun milli vətənpərvərlik ideyaları bu gün yeni mahiyyət alıb, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilib, insanlara vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü hissi aşılayıb”.
Rayon mərkəzi kitabxanasının direktoru Ərəstun Xələfov Ümummilli Liderimizin kitabla bağlı fikirlərindən danışaraq vurğulayıb ki, Ulu Öndər daim insanları biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandıran kitabla dost olmağı tövsiyə edib.
Rayon icra hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev çıxış edərək kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açıb, görkəmli şəxslərin kitab haqqında söylədiyi fikirləri iştirakçılarla paylaşıb. Bildirib ki, bütün elmlərə yol kitabdan başlayır.
Əsas qayəsini vətənpərvərlik tərbiyəsi təşkil edən bayram tədbirində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin musiqi kollektivləri, rəqs qrupları, 9 nömrəli tam orta məktəbin şagirdlərinin ulu öndər Heydər Əliyevə və vətənpərvərlik tərbiyəsinə həsr edilən ədəbi kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə, habelə İncəsənət Təhsili Mərkəzinin rəssamlıq şöbəsinin əl işlərindən ibarət sərgisi nümayiş etdirilib, 1500-dən çox ədəbiyyat və multimedia nəşrləri sərgilənib.