CƏMİYYƏT
Qədir Xəlilov: Bu gün Azərbaycanın gənclər siyasəti dünya səviyyəsində nümunəvi model olaraq qəbul edilir
Bakı, 5 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanın gənclər siyasəti təkcə bölgə miqyasında deyil, dünya səviyyəsində də nümunəvi model olaraq qəbul edilir. Dövlətimiz hər bir gəncin inkişafını təmin etmək üçün geniş imkanlar yaradır və onların rifahına xüsusi qayğı göstərir. Bu siyasətin uğurlu nəticələri artıq gənclərin həyat və fəaliyyətlərində özünü açıq şəkildə göstərməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
Q.Xəlilov qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Forum ölkəmizdə fəaliyyət göstərən üç mindən çox könüllünü bir araya toplayıb: “Bildiyiniz kimi, dövlətimizin gənclər siyasətinin əsas məqsədi vətənpərvər, sağlam düşüncəli, ictimai fəallığı yüksək olan yeni nəslin formalaşması və onların ideya və təşəbbüslərinin dəstəklənməsini təmin etməkdir. Azərbaycan dövləti gənclərin bilik və bacarıqlarının hərtərəfli inkişafını təmin etməyi, ölkədə səriştəli kadrların və peşəkar mütəxəssislərin hazırlanmasını, həmçinin neft kapitalının insan kapitalına çevrilməsini öz prioritetləri sırasında ən önəmli yerlərdən biri kimi görür. Bu kontekstdə gənclərin mütəxəssis kimi inkişafında və layiqli vətəndaş kimi formalaşmasında könüllülük fəaliyyəti mühüm rol oynayır”.
“Əminliklə demək olar ki, könüllülük hərəkatını gənclərin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan könüllüləri hər zaman ölkəmizin milli maraqlarının müdafiəsində durur və üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə icra edirlər. Biz könüllülərin müxtəlif layihə və tədbirlərdəki fəaliyyətini böyük maraqla izləyirik və əldə etdikləri uğurların ölkəmizin inkişafına əvəzsiz töhfə verdiyinə inanırıq. Yaşıl dünya uğrunda həmrəylikdə göstərdiyi səylərə görə bütün könüllülərə təşəkkür edirəm”, - deyə Q.Xəlilov əlavə edib.