CƏMİYYƏT
Qədir Xəlilov: Könüllülük gənclərimizin ictimai fəallığının və dayanıqlı inkişafının açarıdır VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həm Gənclər Fondu, həm də tərəfdaş qurumlar tərəfindən könüllülər və gənclərlə birlikdə təkcə paytaxtda deyil, eyni zamanda, regionlarda 100-dən çox tədbir həyata keçirilib. Bu tədbirlər on minlərlə gənci əhatə edib. Onlara müxtəlif ekoloji məsələlər, dayanıqlı inkişaf prinsipləri və digər mövzular üzrə məlumatlar təqdim edilib. Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu xüsusi əhəmiyyət kəsb edən bir tədbirdir. Forum könüllülük hərəkatının inkişaf etdirilməsi, gənclərin cəmiyyətə inteqrasiyası və onların sosial məsuliyyətlərinin artırılması baxımından mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov jurnalistlərə müsahibəsində söyləyib.
Q.Xəlilov bildirib ki, bu çərçivədə karyera imkanları və vakansiyalarla bağlı sərgilər təşkil edilib: “Həmin sərgilərdə könüllülər və gənclər qeydiyyatdan keçərək mövcud vakansiyalardan istifadə etmək və müəyyən iş yerlərinə müraciət etmək imkanı əldə ediblər. Bu tədbirlər həm gənclərin maarifləndirilməsi, həm də onların ekoloji təşəbbüslərdə fəal iştirakı üçün vacib bir platformadır”.
Onun sözlərinə görə, Forum çərçivəsində könüllülük fəaliyyətlərinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi, ətraf mühitin qorunması, sosial layihələrin təşkili və icma əsaslı təşəbbüslərin genişləndirilməsi kimi mövzular müzakirə olunacaq: “Gənclərə yeni təlimlər, layihələr və karyera imkanları təqdim edilərək, onların həm fərdi inkişafına, həm də ictimai fayda gətirən fəaliyyətlərə töhfə vermələrinə şərait yaradılıb. Forum gənclərin liderlik bacarıqlarını inkişaf etdirməyə, könüllülük sahəsində beynəlxalq təcrübələri öyrənməyə və yeni layihələrə ilham almağa istiqamətləndirilib. Bundan başqa, Forum könüllülük ideyasının milli birlik və həmrəylik dəyərləri ilə möhkəmləndirilməsinə xüsusi töhfə verəcək”.