SİYASƏT
Qərar № 5/24
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 79 saylı
İmişli seçki dairəsi üzrə İmişli bələdiyyəsinə namizəd Hüseynov Hüseyn Minbaşı
oğlu və digərlərinin 26 dekabr 2009-cu il tarixli 170 saylı müraciətinə baxılması
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 79 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsinə namizəd Hüseynov Hüseyn Minbaşı oğlu və digərləri 26 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin dairə üzrə İmişli bələdiyyəsini əhatə edən 1 - 15 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə görə seçkidə yüksək səs toplamalarını, bu barədə məntəqələrdən onlara səsvermənin nəticələrini əks etdirən möhürlənmiş və imzalanmış protokolların surətlərinin verilməsini, ancaq dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinə görə məntəqə seçki komissiyalarının protokollarına əsasən tərtib olunan yekun protokolunda bələdiyyə üzvlüyünə seçilməmələrini göstərmiş, habelə bəzi qanun pozuntularının olmasına görə həmin bələdiyyə üzrə seçkilərin nəticəsinin ləğv edilməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Seçki Məcəlləsinə uyğun olaraq araşdırma müddəti uzadılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, müraciətdə göstərilən bəzi qanun pozuntuları həqiqətə uyğundur. İmişli bələdiyyəsinə seçkilər üzrə 1, 8, 11 və 15 saylı seçki məntəqələrindən səsvermənin nəticələrinə dair yekun protokolunun maraqlı şəxslərə verilmiş təsdiq edilmiş surətlərinin səsvermənin nəticələrinə dair MnSK-nın yekun protokolları ilə müqayisəli təhlili nəticəsində müəyyən edilən fərqlər seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən müraciətin qismən təmin edilməsi üçün əsaslar yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin məntəqə seçki komissiyasının vəzifələrini müəyyən edən 37-ci maddəsinin 37.1.8-ci bəndinə əsasən, məntəqə seçki komissiyası seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. 79 saylı İmişli seçki dairəsinin qeyd edilən seçki məntəqələrində Seçki Məcəlləsinin tələblərinə riayət olunmaması vətəndaşların seçki hüquqlarının pozulması ilə nəticələnmişdir.
Göstərilənlərə əsasən 79 saylı İmişli seçki dairəsi üzrə İmişli bələdiyyəsinə namizədlərin müraciəti qismən təmin edilməli, həmin bələdiyyəni əhatə edən 1, 8, 11 və 15 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılmalı və məntəqə seçki komissiyaları buraxılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinin tələbinə görə aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 23.2-ci, 37-ci, 106.6-cı, 112-ci, 112-1-ci, 240-cı maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 79 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsinə namizəd Hüseynov Hüseyn Minbaşı oğlu və digərlərinin 26 dekabr 2009-cu il tarixli 170 saylı müraciəti qismən təmin edilsin.
2. İmişli bələdiyyəsini əhatə edən 1, 8, 11 və 15 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilsin.
3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən 79 saylı İmişli seçki dairəsinin 1, 8, 11 və 15 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli