SİYASƏT
Qərar № 5/26
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 70 saylı Masallı
şəhər seçki dairəsinin 7 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri
Əzimov İsmayıl İsrafil oğlunun 26 dekabr 2009-cu il tarixli 180 saylı müraciətinə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 70 saylı Masallı şəhər seçki dairəsinin 7 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri Əzimov İsmayıl İsrafil oğlu 26 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 23 dekabr 2009-cu tarixdə keçirilmiş bələdiyyə seçkiləri zamanı 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasının üzvlərinə qarşı qanunsuz təsir göstərildiyini bildirərək, qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası, müraciətinin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması məqsədilə, seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada araşdırma müddətinin uzadılması barədə qərar qəbul etmişdir.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri zamanı 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının aşağı seçki komissiyaları ilə münasibətləri qanunvericiliyin tələblərinə cavab verən səviyyədə olmamışdır.
Eyni zamanda bu da müəyyən edilmişdir ki, Masallı bələdiyyəsinə seçkilərin nəticələri haqqında 70 saylı Masallı şəhər seçki dairəsinin protokolu tərtib edilərkən, 3 saylı seçki məntəqəsi üzrə səslərin təkrar hesablanması səbəbindən səsvermənin nəticələri haqqında məlumatların yenidən müəyyən edilməsinə baxmayaraq, həmin seçki məntəqəsi üzrə məlumatlar dairə seçki komissiyasının protokoluna daxil edilməmişdir. Beləliklə də, müvafiq bələdiyyəyə seçkilər zamanı Masallı bələdiyyəsi üzrə səsvermənin yekunlarının müəyyənləşdirilərkən 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin tələblərinə riayət olunmaması qeyd edilən məntəqə üzrə seçki subyektlərinin hüquqlarının pozulması ilə nəticələnmişdir.
Göstərilənlərə əsasən 70 saylı Masallı şəhər seçki dairəsinin 7 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədri İsmayıl Əzimovun müraciəti təmin edilməli, 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyası isə buraxılmalıdır.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinin tələbinə görə aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 23.2-ci, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 70 saylı Masallı şəhər seçki dairəsinin 7 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının üzvü İsmayıl Əzimovun 26 dekabr 2009-cu il tarixli 180 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.
2. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyası buraxılsın.
3. 70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində səslərin təkrar hesablanması nəticəsində müəyyən edilmiş nəticələr Masallı bələdiyyəsi üzrə dairə seçki komissiyasının müəyyən etdiyi nəticələrə əlavə edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli