SİYASƏT
Qərar № 5/28
10.01.2010
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələri Məmmədli Nəsimi Əhməd oğlu, Ağazadə Ənvər Sərdar oğlu və digərlərinin 29 dekabr 2009-cu il tarixli 226 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Ümid Partiyasının səlahiyyətli nümayəndələri Məmmədli Nəsimi Əhməd oğlu, Ağazadə Ənvər Sərdar oğlu və digərləri 2009-cu il dekabrın 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, bir sıra seçki dairələrinin seçki məntəqələrində səsvermə günü ehtimal olunan seçki qanunvericiliyinin pozulması hallarının və 29, 57, 61, 63, 64, 81, 114 saylı seçki dairələrinin əhatə etdiyi məntəqə seçki komissiyalarında səsvermə başa çatdıqdan sonra səslərin hesablanmasının məntəqədə deyil, seçki qutularının dairədə açılıb səslərin sayılmasını iddia etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.
Müraciətdə göstərilən halların bir hissəsinin araşdırılması səlahiyyəti dairə seçki komissiyalarına aid olduğundan Mərkəzi Seçki Komissiyasının qərarı ilə həmin hissədə arasdırmaların aparılması və nəticəsi barədə məlumat təqdim edilməsi aidiyyati üzrə dairə seçki komissiyalarına həvalə edilmişdir.
Dairə seçki komissiyalarında aparılmış araşdırmalarla əlaqədar 18 saylı Nərimanov - Nizami, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci, 29 saylı Səbail, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 37 saylı Nizami birinci (Gəncə), 38 saylı Nizami ikinci (Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 41 saylı Sumqayıt birinci, 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 49 saylı Yevlax - Mingəçevir, 57 saylı Kürdəmir, 65 saylı Neftçala, 114 saylı Şəki kənd birinci və digər seçki dairələrindən daxil olmuş məlumatlara əsasən müəyyən edilir ki, müraciətdə göstərilənlər səsvermə günü seçki məntəqə¬lərində iştirak etmiş komissiya üzvlərinin, müşahidəçilərin, bələdiyyə üzvlüyünə namizəd olmuş və səsvermənin nəticələrinə görə seçilməmiş şəxslərin, məntəqə ərazisində nüfuzlu seçicilərin izahatları ilə təkzib olunur və öz təsdiqini tapmır.
Müəyyən edilmiş maraqlı hallardan biri müraciətdə göstərilən qanun pozuntularının olması iddia edilən seçki məntəqə¬lərinin böyük əksəriyyətində Ümid Partiyasının müşahidəçilərinin, namizədlərinin və nümayəndələrinin olmamasıdır.
Müraciətdə göstərilən və Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılması aparılan hallara dair dairə seçki komissiyalarının əhatə etdiyi məntəqələrdə iştirak etmiş müşahidəçilərdən, seçicilərdən və digər maraqlı şəxslərdən alınmış izahatlarla müraciətdə qeyd edilən seçki qanunvericiliyinin pozulması halları öz təsdiqini tapmamışdır.
Belə ki, 29 saylı Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının katibi, Umid Partiyasının təmsilçisi Mütəllimov İftixar Teyyub oğlu 04.01.2010-cu il tarixdə imzaladığı aktla məntəqədə seçki qutusuna topa halında bülleten atılması faktının olmamasını təsdiq etmişdir. Həmin dairənin 1 saylı seçki məntəqəsində öz təşəbbüsü ilə müşahidəçi olmuş Mirzəyev Murad, Vətəndaş Birliyi Partiyasından Əliyev Rəşad, “AVP”-dən Fərzəliyev Məzahir və digərləri səsvermənin şəffaf və demokratik keçirildiyini göstərmişlər.
57 saylı Kürdəmir seçki dairəsinin məntəqə seçki komissiyalarında Ümid Partiyasını təmsil edən komissiya katibləri və üzvləri Ağammədov Şakir Zakir oğlu, Əhmədov Əlmərdan Hacıbala oğlu, Muxtarov Cavid Hətəmxan oğlu, M.Bünyatov, Baxışova Yaqut Mövlam qızı, Məmmədov Əhmədağa Aşayar oğlu, Heydərova Mehriban Kamil qızı, Şirəliyev Yadigar Rza oğlu, Ağammədov Eyni Şakir oğlu öz izahatlarında seçki məntəqəsində səsvermə günü Seçki Məcəlləsinin tələblərinə riayət olunmasını, səsvermə başa çatdıqdan sonra seçki qutularının məntəqədə açılaraq bülletenlərin sayılmasını və yekun protokolunun tələb olunan sənədlərlə birlikdə məntəqə seçki komissiyasının sədri və katiblərinin iştirakı ilə dairə seçki komisssiyasına təhvil verilməsini göstərmişlər.
61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiayasının katibi, Umid Partiyasının təmsilçisi Anar Hacıbaba oğlu Məmmədov məsələ ilə bağlı öz izahatında göstərir ki, 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki dairəsinin heç bir məntəqəsindən seçki qutuları seçki dairəsinə gətirilməmiş, qutular məntəqələrdə açılaraq səslər hesablanmış, dairəyə yalnız yekun protokolu təqdim edilmişdir. Seçki dairəsinin məntəqələrində Ümid Partiyasını təmsil edən, 1 saylı seçki məntəqəsinin katibi M.Talıbova, 8 saylı seçki məntəqəsində komissiya üzvü Quliyeva Şölə Akif qızı, 26 saylı məntəqədə seçki komissiyasının katibi Nağıyev İlqar Ağamirzə oğlu, 5 saylı seçki məntəqəsində Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən məntəqə seçki komissiyasının katibi Əliyev Abhüseyn Ağahüseyn oğlu izahat verərək göstərmişlər ki, seçki məntəqəsində səsvermə Seçki Məcəlləsinə uyğun olaraq aparılmış, səsvermə başa çatdıqdan sonra seçki qutuları məntəqədə açılmış, bülletenlər hesablanmış və yekun protokolu tələb olunan sənədlərlə birlikdə məntəqə seçki komissiyasının sədri və katiblərinin iştirakı ilə dairə seçki komisssiyasına təhvil verilmişdir.
63 saylı Sabirabad birinci və 64 saylı Sabirabad ikinci seçki dairələrinin məntəqə seçki seçki komissiyalarında Milli Məclisdə azlıqda olan siyasi partiyaları təmsil edən komissiya üzvlərindən, müşahidəçilərdən və seçilməmiş namizədlərdən alınmış 50-yə qədər izahatla müraciətdə həmin dairələr üzrə göstərilənlərin əsassızlığı öz təsdiqini tapmışdır.
Eyni zamanda 81 saylı Beyləqan və 114 saylı Şəki kənd birinci seçki dairələri dairə seçki komissiyalarının əhatə etdikləri məntəqələr üzrə maraqlı subyektlərdən alınmış çoxsaylı izahat və aktlarla müraciətdə göstərilənlər təkzib olunmuşdur.
Araşdırma nəticəsində əldə edilmiş çoxsaylı sübutlar Umid Partiyasının müraciətində göstərilənlərin real həqiqətə uyğun olmadığını, konkret faktlara söykənməyərək əsassız olduğunu təsdiq etməklə müraciətin təmin edilməməsi üçün əsaslar yaratmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələri Məmmədli Nəsimi Əhməd oğlu, Ağazadə Ənvər Sərdar oğlu və digərlərinin 29 dekabr 2009-cu il tarixli 226 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli