SİYASƏT
Qərar № 5/30
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar İmişli rayon Məzrəli bələdiyyəsinə namizəd İskəndərova Xuraman Firqan qızının 6 yanvar 2010-cu il tarixli 538 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 79 saylı İmişli seçki dairəsindən Məzrəli bələdiyyəsinə namizəd İskəndərova Xuraman Firqan qızının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həyatının 35 ilini kənd təsərrüfatında mexanizator-briqadir işləməsini, yüksək nailiyyətlərinə görə Şərəf nişanı ordeni, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmasını qeyd edərək dairə üzrə Məzrəli bələdiyyəsini əhatə edən 33, 34, 35 və 36 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə görə seçkidə yüksək səs toplamasını, bu barədə məntəqələrdən ona səsvermənin nəticələrini əks etdirən möhürlənmiş və imzalanmış protokolların surətlərinin verilməsini, ancaq dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinə görə məntəqə seçki komissiyalarının protokollarına əsasən tərtib olunan yekun protokolunda bələdiyyə üzvülüyünə seçilməməsini göstərərək həmin bələdiyyə üzrə seçkilərin nəticəsinin ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət tam, hərtərəfli, qərəzsiz və obyektiv olaraq araşdırılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, İmişli rayon Məzrəli bələdiyyəsinə seçkilər üzrə 33, 34, 35 və 36 saylı seçki məntəqələrindən səsvermənin nəticələrinə dair yekun protokolunun maraqlı şəxsə verilmiş təsdiq edilmiş surətlərinin səsvermənin nəticələrinə dair MnSK-nın yekun protokolları ilə müqayisəli təhlili nəticəsində 33, 34 və 35 saylı seçki məntəqələrinin protokollarında müəyyən edilən fərqlər seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən müraciətin təmin edilməsi üçün əsaslar yaranmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin məntəqə seçki komissiyasının vəzifələrini müəyyən edən 37-ci maddəsinin 37.1.8-ci bəndinə əsasən məntəqə seçki komissiyası seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur. 79 saylı İmişli seçki dairəsinin qeyd edilən 33, 34 və 35 saylı seçki məntəqələrində Seçki Məcəlləsinin tələblərinə riayət olunmaması vətəndaşların seçki hüquqlarının pozulması ilə nəticələnmişdir.
Göstərilənlərə əsasən 79 saylı İmişli seçki dairəsi üzrə Məzrəli bələdiyyəsinə namizədin müraciəti təmin edilməli, həmin bələdiyyəni əhatə edən 33, 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilməli və bələdiyyə üzrə seçkilər etibarsız sayılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ləğv edildikdə, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edərsə, bələdiyyə üzrə seçkilər etibarsız sayılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinin tələbinə görə aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 23.2-ci, 37-ci, 106.6-cı, 112-ci, 112-1-ci, 240-cı maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 79 saylı İmişli seçki dairəsindən Məzrəli bələdiyyəsinə namizəd İskəndərova Xuraman Firqan qızının 6 yanvar 2010-cu il tarixli 538 saylı müraciəti təmin edilsin.
2. 79 saylı İmişli seçki dairəsinin Məzrəli bələdiyyəsini əhatə edən 33, 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilsin.
3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən İmişli rayon Məzrəli bələdiyyəsi üzrə seçkilər etibarsız sayılsın.
4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən 79 saylı İmişli seçki dairəsinin 33, 34 və 35 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli