SİYASƏT
Qərar № 5/34
10.01.2010
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşlar A.Əhmədov və M.Həsənovun 9 yanvar 2010-cu il tarixli 650 saylı birgə müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi üzrə Kəbirli bələdiyyəsi üzvlüyünə namizədlər A.Əhmədov və M.Həsənov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, adı çəkilən dairə seçki komissiyası tərəfindən qanunsuz hərəkətsizliyin edilməsini bildirmiş və qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Mərkəzi Seçki Komissiyası müraciəti qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmışdır.
Araşdırma nəticəsində əldə olunan sübutlardan görünür ki, 2 yanvar 2010-cu il tarixdə yuxarıda adları çəkilən şikayətçilərin şikayəti seçki qanunvericiliyinin tələbinə uyğun olaraq, komissiya tərəfindən baxılmış və qəbul olunmuş qərarın maraqlı tərəflərə çatdırılması ilə bağlı müxtəlif tədbirlər görülmüşdür.
Beləliklə də, 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyi ilə bağlı irəli sürülmüş iddialar öz təsdiqini tapmamışdır.
Bu səbəbdən də müraciət əsassız hesab edilərək təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaşlar A.Əhmədov və M.Həsənovun 9 yanvar 2010-cu il tarixli 650 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli