DÜNYA
Qərbin rüsumlarına baxmayaraq, Çin elektromobil ixracını 12,6 faiz artırıb
Çindao, 10 sentyabr, AZƏRTAC
Cari ilin 8 ayında Çinin elektromobil (elektrik və hibrid modellər) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 7 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası açıqlama yayıb.
Hesabat dövründə ölkədə 7,04 milyon ədəd bu tip avtomobil satılıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 31 faiz çoxdur. Qeyd olunan dövrdə Çində satılan avtomobillərin 37,5 faizini elektromobil və hibrid avtomobillər təşkil edib.
ABŞ, Avropa İttifaqı daxil olmaqla bəzi dövlətlərin Çin istehsalı olan yeni elektromobillərə əlavə gömrük rüsumları tətbiq etməyə başlamasına baxmayaraq, yanvar-avqustda Çindən xaricə bu növ avtomobil ixracı 12,6 faiz çoxalaraq, 818 min ədədə çatıb.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çin “yaşıl avtomobil” istehsalı, satışı və ixracına görə liderdir. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının proqnozlarına görə, il ərzində Çinin yaşıl enerji ilə çalışan avtomobil ixracı 77 faiz çoxalaraq 1,2 milyon ədədə çatacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çindao