CƏMİYYƏT
Qərbi Azərbaycan İcmasında Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə görüş olub
Bakı, 9 avqust, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında Diaspor Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qeyd olunub ki, İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verərək, soydaşlarımızın son 200 il ərzində öz tarixi torpaqlarından mərhələlərlə çıxarılması, ötən əsrdə dörd dəfə deportasiya edilmələri, sonuncu 1987-1991-ci il deportasiyası zamanı Ermənistan tərəfindən 300 minə yaxın soydaşımızın öz el-obalarından zorla çıxarıldıqlarını bildirib. Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib. Bu kimi haqsızlıqlarla bağlı Qərbi Azərbaycan İcması yenidən təşkilatlandığı gündən etibarən sözügedən ədalətsizliklərlə bağlı dünya ictimaiyyətini geniş məlumatlandırmaq istiqamətində intensiv addımlar atıb, ayrı-ayrı subyektlərə məktublar və müraciətlər ünvanlayıb. Bu gün İcmanın məqsədi soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışı istiqamətində fəaliyyət aparmaq və onların hüquqlarını müdafiə etməkdir. Bu məqsədə nail olmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin rolu çox böyük əhəmiyyət kəsb edir. Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların geri qayıdış hüququ barədə xarici auditoriyanın məlumatlandırılmasında gənclərin böyük töhfə verə biləcəklərini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilova bu istiqamətdə komitənin gənclərlə apardığı işi daha da intensivləşdirəcəyini qeyd edib.
İcmanın Gənclərlə İş üzrə məsul şəxsi Anar İrzaquliyev gənclərin sözügedən məqamlarla bağlı daha ətraflı məlumatlandırılması üçün lazım olan resursların təmin ediləcəyini, o cümlədən İcmanın sosial media və onlayn media resurslarının bunun üçün açıq olduğunu diqqətə çatdırıb.
Sonda gənclərin sualları cavablandırılıb, xatirə fotosu çəkdirilib.