İDMAN
Qərbi Azərbaycandan olan Olimpiya mükafatçısı: Biz öz torpaqlarımıza qayıtmaq və orada yaşamaq istəyirik
Bakı, 25 noyabr, AZƏRTAC
“Hamımız azərbaycanlıyıq. Vətənimizin bütün bölgələri mənim üçün əzizdir. Amma mən Qərbi Azərbaycandan olduğum üçün özümlə fəxr edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.
Əslən İrəvan şəhərindən olan 36 yaşlı idmançı yenidən doğma yurdunu görmək arzusunda olduğunu bildirib: “Biz İrəvandan köçəndə mənim yaşım az idi. Ona görə də bu şəhərdə keçirdiyimiz günləri elə də yaxşı xatırlamıram. Lakin valideynlərim İrəvanda böyüyüb boya-başa çatıblar. Həyatlarının böyük hissəsini bu torpaqlarda keçiriblər. Orta və ali təhsillərini də orada alıblar. Açığı, anam və atam İrəvandan köçəndə bir daha doğma el-obalarına dönə bilməyəcəklərini ağıllarına belə gətirmirdilər. Biz öz torpaqlarımıza qayıtmaq və orada yaşamaq istəyirik. Özüm də yenidən İrəvan şəhərini görmək istəyirəm. Dədə-babalarımızın məzarları oradadır. Onların məzarlarını ziyarət etmək istərdim. İnanıram ki, bu torpaqlara yenidən ayaq basacaq, doğma yurdumuzda rahat şəkildə gəzəcəyik”.
O, ailəsi ilə İrəvanda əsasən azərbaycanlıların məskunlaşdığı məhəllələrdə yaşadıqlarını söyləyib: “Valideynlərimin sözlərinə görə, həmin məhəllələrdəki soydaşları ilə aralarında isti münasibət, yaxşı ünsiyyət olub. Bayram günlərində və məclislərdə bir yerə toplaşıb deyib-gülməklərindən, toy, şənlik və sair kimi xoş xatirələrdən tez-tez bəhs edirlər. İstər-istəməz həmin günlər mənə də maraqlı gəlir. O vaxtlar yaşım az olduğundan torpaq sevgisinin nə demək olduğunu tam dərk edə bilmirdim. Amma valideynlərim mənə bu sevginin hər şeydən üstün olduğunu aşıladılar. Onlar İrəvan barədə xatirələrindən danışdıqca mənim öz yurdumu görmək istəyim daha da artır, içimdə xoş hisslər oyanır. Ümid edirəm ki, dövlətimizin düzgün və uğurlu siyasəti nəticəsində arzularımız reallaşacaq, biz də bir gün öz el-obamıza qayıdacağıq”.
Qeyd edək ki, Rafiq Hüseynov “Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionudur.