Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb
Bakı, 29 aprel, AZƏRTAC
Bakının Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan cəsədinin aşkarlanması faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verərək qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən oğurladığı, mərhuma məxsus qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.