CƏMİYYƏT
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü il maliyyə müsabiqəsinin mövzularına həsr edilən ictimai dinləmə keçirmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü il maliyyə müsabiqəsinin mövzularına həsr edilən ictimai dinləmə keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbir iştirakçılarına müraciət edərək onları növbəti il üçün prioritet saydıqları, ictimai baxımdan daha çox əhəmiyyət daşıyan mövzulara dair fikirlərini bildirməyə dəvət etmişdir.
Ölkədə QHT-lərin fəaliyyəti üçün bütün imkanların yaradıldığını deyən A. Quliyev vurğulamışdır ki, artıq QHT-lərdən layihələr elektron formada qəbul edilir. Bundan sonra layihələrin qiymətləndirilməsi də elektron şəkildə həyata keçiriləcəkdir. Bu işin mənimsənilməsində hələ də problemlər var. Bəzi QHT-lər yeni texnoloji imkanlardan tam faydalana bilmirlər. Bununla bağlı təlimatlar hazırlanır və bu iş davamlı şəkildə həyata keçirilir. Bütün bunlar ona hesablanır ki, şuranın ekspertləri ilə QHT-lər arasında birbaşa təmaslar minimuma endirilsin.
A. Quliyev gələcəkdə şuranın yerli və xarici QHT-lərlə birgə əməkdaşlıq şəraitində həyata keçiriləcək layihələri maliyyələşdirməyi planlaşdırdığını da bildirmişdir. Qeyd edilmişdir ki, əvvəlki illərə nisbətən layihələrin hazırlanmasında xeyli irəliləyiş vardır. Bunun səbəbi həm Bakıda, həm də regionlarda QHT-lərə müvafiq təlimlərin keçirilməsidir. Şuranın sədri eyni zamanda QHT-lərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlardan da danışmışdır.
Tədbirdə QHT təmsilçiləri müsabiqə mövzuları ilə əlaqədar rəy və təkliflərini irəli sürmüş, işgüzar müzakirələr aparılmışdır.
A. Quliyev keçirilən dinləmələrin səmərəli olduğunu diqqətə çatdırmışdır.