Qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır

Bakı, 13 noyabr, AZƏRTAC
Hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır. Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Nazir əlavə edib: “Qarşımızda duran digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə dividend ödənişi ənənəsini aşılamaqdır ki, bu da artıq tədricən dövlət büdcəsində öz əksini tapmaqdadır. Bu, 3 il bundan öncə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə iri dövlət şirkətlərinin fəaliyyətində və maliyyə nəticələrində əldə olunmuş köklü dəyişikliklərlə bağlıdır. Təsadüfi deyil ki, 2022-ci ildə Holdinqə daxil olan 12 portfel şirkətindən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyi 15 milyard manatı keçmiş, hansı ki, bu göstərici 2020-ci ilə qədər 4-5 milyard manat təşkil edirdi”.
Mikayıl Cabbarov qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə dividend ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bununla yanaşı, əsas vəzifələrdən biri də bir sıra təbii inhisar subyektlərinin öz mənfəətlərini artırmaq üçün bazarda hökmran mövqeyindən sui-istifadə hallarının qarşısını almaqdır.