CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı Ankarada beynəlxalq tədbirdə iştirak edib
Bakı, 29 noyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) təşkilatçılığı ilə Ankara şəhərində “Mərkəzi Asiya və Qafqazda bitki sağlamlığı mövzusu da daxil olmaqla tətbiqi kənd təsərrüfatı tədqiqatları və innovasiyalar üçün platformanın işlənib hazırlanması” adlı layihənin yekun seminarı keçirilib.
Noyabrın 28-29-da keçirilən beynəlxalq seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev iştirak edib.
Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, seminara Türkiyə, Moldova, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın elm adamları və mütəxəssisləri də qatılıblar.
Tədbir çərçivəsində təsbit olunan razılaşmaya dair iş planında regionda bitki sağlamlığı sahəsi üzrə prioritetlərin, kənd təsərrüfatı tədqiqatlarının tələblərinin müəyyən edilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri üçün aqrar tədqiqatlar sahəsində əməkdaşlığın layihə strukturu və platformasının işlənib hazırlanması kimi məsələlər müzakirə olunub. Region ölkələrinin bitki sağlamlığı sahəsində araşdırma potensialı nəzərdən keçirilib, həmçinin qarşılıqlı əməkdaşlıq və sahə üzrə prioritetlər müəyyənləşdirilib.
Daha sonra birgə icra üçün niyyət məktubu və texniki tapşırıq sənədi hazırlanıb.